1.Azərbaycanda bütün məktəblərdə dərslər DAYANDIRILIR
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.
2.Sabahkı hava ilə bağlı bu yerlərdə iş olmayacaq - Nazirlər Kabineti aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Həmçinin nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı Nazirlər Kabinetindən BiG.AZ-a verilən məlumata görə, hələlik bağçalar, uşaq evləri kəskin hava şəraiti ilə bağlı olaraq işləməyəcək. Məktəb və digər iş yerləri ilə bağlı hələlik qərar verilməyib. Sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti gözlənilir. İnsanlarımıza bununla bağlı olaraq bütün təhlükəsizlik qaydalarına riayət etməklərini məsləhət görürük”.
3.FHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdi
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 17-18 yanvar l tarixilərində gücləndirilmiş iş rejimində çalışacaq.
BiG.AZ xəbər verirki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə FHN də gücləndirilmiş iş rejiminə keçir.
Bununla əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.
4.Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də, döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.
5.Küləklə donuz qripinin yayılması məlumatına - RƏSMİ MÜNASİBƏT
Sosial şəbəkələrdə, o cümlədən "WhatsApp” mesencerində küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.
Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar.
Ölkədə epidimioloji durum tam nəzarət altındadır.